İnfeksionistin ilkin konsultasiyası
İnfeksionist – yoluxucu xəstəliklərin yaranma və inkişaf etmə səbəblərinin aşkara çıxarılması, infeksiyanın diaqnostikası və müalicəsi, infeksiyanın orqanizmə təkrar nüfuz etmə yollarının müəyyənləşdirilməsi və bloklanması üzrə ixtisaslaşan həkimdir.
Yoluxucu xəstəliklər o qədər çoxdur ki, onların bir neçəsinin müalicəsi digər dar ixtisaslı həkimlər tərəfindən aparılır. Belə ki, dermatoloqlar dərinin və selikli qişaların yoluxucu xəstəliklərini, veneroloqlar — cinsi yolla ötürülən infeksiyaları, hepatoloqlar — virus hepatitlərini müalicə edirlər və s.
Konsultasiyada infeksionist pasiyentə müxtəlif qan analizləri (ümumi, biokimyəvi analiz, infeksiyaların xüsusi markerlərinə analizlər və s.), yaxma və ya bakterial flora üçün əkilmə, seroloji diaqnostika, parazitoloji müayinələr təyin edə bilər.
Qəbulda nəinki konkret xəstəliyin müalicəsi və profilaktikası barədə, həm də artıq keçirilmiş infeksiyadan sonra bərpa olunma üsulları: uyğun pəhriz, iş və istirahət rejimi, dəstəkləyici dərman müalicəsi və s. barədə suallara cavab almaq olar. Əgər pasiyent müxtəlif törədicilərin yüksək konsentrasiyada olduğu bölgələrə (məsələn, tropik iqlimli ölkələrə) səfər etməyi planlaşdırırsa, infeksionistin konsultasiyası tövsiyə edilir. Bundan əlavə, pasiyent peyvənd olunmağı planlaşdırdığı halda da, mütəxəssisə müraciət etməsi zəruridir.