Anestezioloqun konsultasiyası
Həkim-anestezioloq – əməliyyata hazırlığı yerinə yetirən, pasiyentə narkoz verən və lazım gələrsə, reanimasiya tədbirlərini həyata keçirən mütəxəssisdir.
Əməliyyatdan əvvəl Siz mütləq çox vacib bir həkim-mütəxəssislə – anestezioloqunuzla görüşəcəksiniz. Həm əməliyyat, həm də anesteziya orqanizminizin sistemlərinə mənfi təsirlər göstərir, buna görə də anestezioloqun Sizin sağlamlıq vəziyyətiniz barədə maksimum həcmdə məlumat əldə etməsi vacibdir. Əməliyyatdan əvvəl anestezioloq tərəfindən aparılan müayinə, sağlamlığınız barədə bütün zəruri məlumatların əldə edilməsi, habelə gözlənilən anesteziyanın planlaşdırılması üçün lazımdır.
Adətən, anestezioloq, cərrahi əməliyyata hazırlanan pasiyentləri gözlənilən əməliyyatdan bir gün əvvəl müayinə edir (təcili əməliyyatlar istisnadır). Lakin qeyd etmək lazımdır ki, həkim-anestezioloqun iş yükü böyük olduğundan, bəzən bu qaydanı heç də hər zaman həyata keçirmək mümkün olmur, buna görə də anestezioloq pasiyenti ya əməliyyat günü, ya da bilavasitə əməliyyatdan əvvəl, əməliyyat otağında müayinə edir.
Əməliyyatdan əvvəl gəlişiniz zamanı anestezioloq bütün mövcud tibbi sənədlərlə diqqətlə tanış olacaq, bütün laborator və instrumental müayinə metodlarının nəticələrini təhlil edəcək, sizinlə ətraflı söhbət aparacaq, anestezioloji riskin dərəcəsini müəyyən edəcək, Sizin üçün optimal anesteziya növünü seçəcəkdir. Lazım gələrsə, anestezioloq əlaqəli həkim-mütəxəssislərin bütün zəruri əlavə müayinələrini və konsultasiyalarını təyin edəcəkdir. Siz həkim-anestezioloqunuza keçirdiyiniz əməliyyatlar və qəbul etdiyiniz narkozlar; xroniki xəstəlikləriniz; daimi qəbul etdiyiniz preparatlar; dərmanların keçirilməsi və allergik reaksiyalar; ağız boşluğunuzda çıxarıla bilən protezlərin və ya pirsinqin olub-olmaması; kontakt linzalardan istifadə; mümkün hamiləlik barədə məlumat verməlisiniz. Bundan əlavə, Siz anestezioloqun verdiyi digər sualları da cavablandırmalısınız.
Lazım gələrsə, həkim-anestezioloq premedikasiya təyin edəcəkdir. Bir qayda olaraq, premedikasiya sakitləşdirici vasitələri və yatmazdan əvvəl, eləcə də əməliyyat günü səhər qəbul edəcəyiniz bəzi preparatları ehtiva edir. Bununla yanaşı, əməliyyatdan əvvəlki gəlişində anestezioloq əməliyyat öncəsi hazırlığa aid olan vacib qaydalar barədə məlumat verəcəkdir. Gözlənilən narkozun Sizin üçün maksimum dərəcədə təhlükəsiz olması üçün Siz bu qaydaları mütləq yerinə yetirməlisiniz.
Ümumiyyətlə, narkozun nəticəsi iki amillə – pasiyentin sağlamlıq vəziyyəti və anestezioloqun işi ilə müəyyən olunur. Əgər narkozdan əvvəl anesteziyanın bu iki prinsipial vacib məqamları barədə əvvəlcədən düşünsəniz, narkozun uğurlu keçmə ehtimalı 100%-ə yaxın olacaq.
Əməliyyatdan əvvəl boş vaxtın keçirilməsi:
Çox zaman əməliyyat günü, bəzən lazımsız hesab edilən müəyyən qədər boş vaxt olur, əməliyyatı gözləmək isə çox ağır görünür. Özünüzlə sevimli kitabınızı, jurnalınızı, MP3-pleyerinizi götürün.
Əməliyyatdan əvvəl təmiz havada gəzmək, istirahət etmək, sakitləşmək və doyunca yatmağa çalışmaq məsləhət görülür.